Venesiyaya ən ucuz getmənin yolları

italy 829156 640 - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriÖmrümdə məndən bu qədər üzr və yol istəyən olmamışdı. Bu şəhərdə addımbaşı kiməsə yol vermək üçün kənara çəkilməli olursan. Yollar dar, turist çox… 118 adadan ibarət Vensiyadayıq…

İtaliyanın şimal-şərqində olan Venesiya mənim üçün dünyanın ən gözəl şəhərlərindəndir. Adına “Dənizlər kraliçası”, kanallar, körpülər şəhəri də deyilir. 170 kanalı, 400-ə yaxın körpüsü var. Venesiya o qədər gözəl, arzulanan şəhərdir ki, buraya gələ bildiyim üçün özümü həm şanslı, həm də nağıl qəhrəmanı kimi hiss edirdim. Yayı həm çox isti keçir, həm də turistlərlə dolub-daşır. Gözün qalır möhtəşəm saraylarda, binalarda bir də ayılırsan ki, kiminsə ayağını əzmisən. Deyirlər, şəhərdə 200-dən çox tarixi saray var.

Küçələrində gəzəndə qulağına uzaqdan, həzin meh kimi Vivaldinin 4 fəslinin (italyanca: Le quattro stagioni) sədası gəlir. Belə də olmalıdır, çünki Vivaldinin şəhəridir. Deyilənə görə o, Venesiyadakı kilsələrin birində 35 il musiqi dərsi verib. Görən bu 35 ildə nə qədər tələbəsi olub? 🙂 Düşünmədən edə bilmirsən.

Venesiyanın görülməsi gərəkən yerləri

San Marco May04 D1210sAR1000 e1443118916271 - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriGəzib-görməli yerlərin başında San-Marko meydanı gəlir. Turistlərin qaynadığı, göyərçinlərin uçuşduğu gözəl bir məkandır. Məşhur “San Marko Bazilikası” da bu meydandadır. Yerlilər San Markonun Venesiyanın qoruyucusu olduğuna inanırlar. Sümüklərini İsgəndəriyyədən gətiriblər. Buradakı Bazilikanın içində saxlayırlar.

Getmişkən müqəddəs Mark kilsəsinə də baş çəkin (829-832; 1073-95 illərdə yenidən tikilib). Venesiyanın ən gözəl memarlıq abidəsi sayılır.

Görülməsi gərəkən daha bir yer də 170 kanalın ən böyüyüdür. “Böyük kanal” deyirlər. Üzərində 3 körpü var. Ən məşhuru “Riyalto”dur. Uzunluğu 3 km, eni 50 metrdir.

“Peggy Guggenhein” muzeyini də unutmayın. İçində möhtəşəm əsərlər var. Muzeyə, sənətə marağı olanlar mütləq gedib görsünlər.

Vaxtınız qalsa, Venesiyanın ətrafındakı adaları da görün. Bunların içində Murano, Burano, Tirçello çox gözəldir. Rəngarəng evlərin, kiçik kanalların və körpülərin olduğu bu qəsəbələrin sakinləri şüşədən bəzək əşyaları düzəldirlər. Şüşə emalatxanalarını ziyarət edə, əşyaların düzəldilməsini izləyə, istədiyiniz suveniri ala bilərsiniz.

Yemək-içmək neçəyədir?

5931238fc03c0e3efce6f5a8 - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriŞəhərin dar küçələri pizza və pasta (spagetti) restoranları ilə doludur. Normal ölçülü pizza 6-10, spagetti isə 6-7 avrodan başlayır. Ən bahalısı dəniz məhsulları ilə olandır ki, 44 avro qiyməti var.

Venesiyaya getmək üçün ideal fəsil hansıdır?

venesiya - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriSəyahətçilər Venesiyaya getmənin ən yaxşı vaxtının yaz və payız olduğunu deyirlər. Xüsusən də mayı tövsiyyə edilər. Ancaq biz iyulda getmişdik. Çox isti, bürkü, ağcaqanadlı və basırıq idi. Ancaq bu, mənim arzusunda olduğum şəhərdən zövq almama mane olmadı 🙂

Mən hansı mövsümün daha məsləhətli olduğunu gedib gələndən sonra bildim. Siz belə etməyin 🙂 Sentyabr-oktyabr aylarını da məsləhət görən səyyahlar var. Deyirlər, həmin aylarda turistlərin ayağı şəhərdən kəsilir, sakitçilik, huzur çökür. Qışı isə məsləhət görmürlər. Soyuq və yağışlı olduğunu deyirlər.

Venesiya karnavalı nə zamandır?

motto.net .ua 60682 - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriVenesiya həm də karnavalı ilə məşhurdur. Karnaval fevral-mart aylarında keçirilir. Tarixlər dəyişə bilir (bizdəki dini bayramların vaxtının dəyişdiyi kimi). Getmək istəyən mütləq əvvəlcədən dəqiqləşdirməlidir. Karnaval zamanı küçələrdə dolaşmaq çox zövqlüdür. İnsanlar müxtəlif maraqlı geyimlərdə, maskalarda olurlar. Əminəm adam özünü filmin içində hiss edər.

Harda qalmaq daha uyğundur?

700 FO67956548 6924413afb242c9484519793c1faa308 - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəri

Venesiyanın mərkəzində otellər çox baha olur. Odur ki, getməzdən azı 1 ay öncədən bron etmənizi tövsiyə edirəm. Ya da, mərkəzdən bir az kənardakı “Mestre” bölgəsində qala bilərsiniz. Buradakı qiymətlər mərkəzdən ikiqat ucuzdur. “Mestre”dən mərkəzə “Water bus” (su avtobusları) ilə gəlmək olur. Qiymət isə 7-10 avro arası dəyişir.

Mərkəzdə isə adətən bahalı, günü 100-300 avrodan başlayan otellərdir. Əksəriyyəti saraylarda yerləşir. Düz kanalın dibində, mənzərəli yerlərdə. Təbii səyahətçidə nə gəzir o qədər pul?!

Biz şəhərdə cəmi 1 gecə, güc-bəla ilə tapdığımız 75 avroluq hosteldə qaldıq. Onda da mərkəzi gəzdik. Qalan günləri isə gecəsi 72 avroya, şəhərdən kənarda tapdığımız hosteldə qaldıq. Guya bu, ən ucuzu idi. Üstəlik, səhər yeməyi qiymətə daxil deyildi. Bunun üçün də adambaşına 6 avro ödəməli olduq. Çünki qaldığımız yerdə restoranlar saat 11-dən tez açılmırdı. Biz isə gəzməyə səhər tezdən başlayırdıq. Məcburiyyətdən otelin səhər yeməyini seçmişdik.

Venesiyada həftə sonu

venedik ucak bileti 62 399 - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriŞəhərin abu-havası qaynardır. Addımbaşı kimsə səndən şəklini çəkməyi xahiş edir. Bir sözlə, turist əlindən tərpənmək olmur. Odur ki, venesiyalılar həftə sonu səs-küydən uzaq olmaq üçün şəhər kənarına gedirlər. Hosteldə tanış olduğumuz dostlar bizə də kənara çıxmağı məsləhət bildilər. Yığışıb yerlilərin həftə sonu dincəlmək üçün getdikləri Lido qəsəbəsinə yollandıq. Bura şəhərdən dəniz avtobusu ilə 90 dəqiqə uzaqlıqdadır. Çox gözəl bir yerdir. Adreatik dənizinin sahilində yerləşir. Gözəl olduğu qədər də bahalıdır. Ən ucuz otelin bir günü 80 avroyadır. Otel sahibləri qiymətlərin baha olmasını həftə sonu ilə əlaqələndirir. Sularla əhatələnmiş kiçik qəsəbə çimərlik mövsümü olduğu üçün gəlişli-gedişli idi.

Soyuq və duzlu Adreatik dənizi

Adreatik dənizi bizə görə bulanıq, suyu aşırı duzlu olsa da, buradakılar üçün adidir. Çimərliklər dolub-daşır. Suyun istiliyi də Xəzərə baxanda soyuqdur. Sahildə Banqladeşdən gələn səyyar satıcılar heç də bizim çimərlikdəkilərdən fərqlənmir. Nəsə almasan əl çəkən deyillər. Bu balaca qəsəbənin sakinləri üzdən çox xoşbəxt görünürlər. Axşamlar küçələrdə konsert olur, bəzən səhərə qədər davam edir. İnsanlar evlərinə getmədən gecəni küçələrdə musiqi dinləməklə keçirirlər.

Venesiyaya necə gedək?

Venesiyaya getməyin ən asan və tez yolu təyyarədir. 1 ay öncədən almaqla Bakıdan Venesiyaya gediş-gəliş təxminən 550 avro civarındadır. Tbilisidən 330, Moskvadan 268, İstanbuldan isə 240 avroya getmək olar. Ya da, Gürcüstanın Kutaisi şəhərindən Milana təxminən 144 avroya gediş-gəliş ala bilərsiz. Milandan Venesiyaya hər saatbaşı qatar gedir. İçində wifi da var. Qiyməti isə getdiyiniz saatdan asılı olaraq 25-50 avro arası dəyişir.

Və yaxud, Avropanın hansısa bir başqa ölkəsindəsinizsə oradan da Venesiyaya qatarla rahat və ucuz gedə bilərsiniz. Biz Sloveniyadan getdik.

Venesiyaya necə getdik?

ext - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriƏvvəlcə Lyublyana vağzalından Sloveniyanın Sejana şəhərinə yollandıq. Paytaxtdan qatarla 2 saatlıq məsafədədir. Qatar Sejana istiqamətində Sloveniyanın dənizsahili şəhərlərindən keçir. Yol meşə və dağların ətəyi ilə gedir. 2 saat necə keçir, bilmirsən. Nəhayət, Sejanaya çatdıq. Bu şəhərdə sənə elə gəlir ki, hamı bir-birini tanıyır. Harada yemək, qalmaq olar soruşanda hamı eyni ünvanı göstərir. Bir neçə saat şəhərdə dolaşdıq. Ta ki, bizi sərhəddən keçirəcək avtobus gələnədək. Biletin qiyməti 3 avrodur. Sərhəd deyəndə, Sloveniyadan İtaliyaya keçdiyini hiss eləmirsən. Fərqi yol kənarındakı yazılardan bilmək olar. Sloven dilini italyan dili əvəz edir, vəssəlam. Avtobusda 7-8 nəfər var. Onlar dayanacaqda slovencə, avtobusda italyanca danışırlar. Milliyətlərini soruşanda italyan deyirlər. Sadəcə başa salırlar ki, iç-içə yaşayış, pasportsuz gəliş-gediş mədəniyyətlərini, ləhcələrini oxşarlaşdırıb. Üstəlik, sloven dilini az-çox bilirlər. Onlar İtaliyanın sərhəd şəhəri Triestanın sakinləridir.

Dağların arasından keçən dolambac yollarla vağzala çatırıq. Buradan Venesiyaya 2 saat yol qalır. Bileti sürət qatarına aldıq. Cəmi 10 avroya. Adətən Avropa ölkələrinə təyyarə ilə getdiyimizdən sadəcə şəhər mərkəzindəki əhalinin yaşayışı ilə tanış ola bilirik. Bəs kəndlər, qəsəbələr?

Avropalılar necə yaşayır?

venedik gezi rehberi - “Dənizlər kraliçası”, kanallar və körpülər şəhəriDoğurdanmı AZTV-də deyildiyi kimi aclıq və səfalət içindədilər? TV-yə inansaq, qiymətlər baha, insanların yaşayışı bərbaddır. Əslində isə belə deyil. Yol boyu İtaliyanın azı 40 qəsəbə və kəndindən keçdik. Qəsəbə sakinləri bizim dillə desən villalarda yaşayılar. Sarı, yaşıl, qırmızı evlərin önündə günəş çətirləri, hovuzlar, istirahət edən insanlar var. Kimi yerə xalı sərib piknik edir, kimi manqalda ət qızardır, kimi də nəvəsi ilə top oynayır. Bağda işləyənlər də az deyil. Ağac sulayan, tərəvəz becərən, ot biçənlər… Heç də tənbəl deyilmiş avropalılar…

Sürət qatarı saatda 90-la getməsəydi daha yaxşı təsvirlər vermək olardı. Pəncərədən göründüyü qədər nə aclıq, nə səfalət var idi.

2 saat sonra qatar bizi su və qurunun vəhdətindən yaranmış, körpülərinin altında qayıqların üzdüyü Venesiyaya gətirdi.

Bu da bizə adambaşına 20 avroya başa gəldi. Venesiyaya gedəsi olsanız oranın yayda həddindən artıq isti, restoranlarının, nəqliyyatının və otellərinin bizə görə baha olduğunu nəzərə alın. Şəhərin gözəlliyinə gəlincə, bəli şəkillərdə gördüyünüz, gedənlərdən eşitdiyiniz kimi möhtəşəmdir.

BƏYƏN
Öncəki məqaləTəyyarədən qorxanlara faydalı məsləhətlər
Növbəti məqaləSəyahət zamanı işinizə yarayacaq 10 sayt

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın