Bu yazı xüsusi olaraq seyahetciblog üçün jurnalist Aynur Elgünəş tərəfindən hazırlanıb 

11167969 10206695540131285 8851201682109080092 n - Keniya – macəralar diyarı (VİDEO)

“İndi bu ölkə həm də Obamanın vətəni kimi tanınır”

Keniya Respublikası Şərqi Afrikada yerləşir. Cənubdan Tanzaniya, qərbdən Uqanda, şimali-qərbdən Sudan, şimaldan Efiopiya, şimal-şərqdən Somali ilə həmsərhəddir. Paytaxtı Nayrobi şəhəridir.

O qədər əsrarəngiz, zəngin təbiəti var ki, sözlə təsəvvür etmək mümkün deyil.

Azərbaycandan Kenyaya gedən yol çox uzun və yorucudur. Öncə onu vurğulayım ki, başqa ölkələrdən Keniyaya gedənlər təyyarədən düşən kimi viza ala bilirlər. Qafqaz və Orta Asiya ölkələri (digərlərini bilmirəm) isə bu ölkəyə getmək üçün mütləq öncədən viza almalıdırlar. Azərbaycanda bu ölkəyə viza almaq mümkün deyil. Viza üçün gərək Moskvada yerləşən Keniya səfirliyinə müraciət edəsən. Sonra başlayır Moskva-Dubay-Nayrobi reysi (Viza Moskvadan alındığı üçün bu reys daha sərfəlidir). Hər hava limanında 9 saata qədər gözləməyi də üstünə gələndə adam fiziki baxımdan tamam tükənir.

Amma dəyər. Heç olmasa, həyatda bir dəfə bu yolu qət etməyə, fərqli təbiətdə, fərqli insanların əhatəsində bir neçə gün qalmağa dəyər…

Qışı-yazı bənzər ölkə

10920945 10206695531331065 5949660950608156223 n - Keniya – macəralar diyarı (VİDEO)İndi Keniyada yaydır. Mənsə ora bizim baharda – 2015-ci ilin mayında getmişdim. Həmin aylar Keniyada payız olur. Lap qışa doğru dönəm. Ara-sıra yağış yağır, havanın temperaturu düşür. İnsanlar bizim yaz aylarında geyindiyimiz yüngül gödəkçələr, plaşlar geyinirlər. Qar, xəz gödəkcə, qalın palto… Onlar üçün bunlar yaddır. Oktyabrdan sonra bahar, yay gəlir. Bu ölkənin qışı da mülayim, bir az yağmurlu, elə yazabənzər keçir. Bir sözlə, günəş hər zaman onlar üçün gülümsəyir…

Keniya müstəqillik yollarında…

Keniya 12 dekabr 1963-ci ildə müstəqillik qazanıb. O vaxta qədər Böyük Britaniyanın əsarətində olub. Elə indi də o dövrün ənənələri qalıb. Məsələn, Keniyada da maşınların rulu Londondakı kimi sağdadır.

İndi bu ölkə həm də Obamanın vətəni kimi tanınır.

Yaxın zamanlara qədər adı korrupsiya faktlarında hallanan Keniyada indi ciddi iqtisadi islahatlar gedir. Yeni iş yerlərinin açılması, turizmin inkişafı, xarici sərmayədarların bura meyli Keniyanı xeyli dəyişib. Yerli sakinlərin dediyinə görə, artıq bütün bunlar onların həyatlarında da aydın hiss olunur.

Nayrobidə həyat qaynardır

19995 10206748063004324 8882987877654517584 n - Keniya – macəralar diyarı (VİDEO)Nayrobi gözəl şəhərdir. Hündür binalarla təbiətin harmoniyası var burada. Bizim dibçəklərdə əkdiyimiz çiçəklərə addımbaşı, hər ağacın dibində rast gəlirsən. Şəhərin mərkəzi təmiz və səliqəlidir.

Kenyada bütün ölkələrdə görməyə adət etdiyimiz ruslara, qafqazlılara rast gəlməzsən. Amma ingilislər yetərincədir. Axşamlar restoranlarda az qala hər qaradərili xanımın yanında bir sarışın kişi görürsən. İçir, əylənirlər. Gözəl qadınların müəyyən hissəsi bu cür dolanır.

Orada qaldığımız müddətdə bizə aşpazlıq edən xanımlar deyirlər ki, qadınlar sərbəstdilər. Onlar istədikləri adamla görüşə, evlənə, istədikləri kimi geyinə bilərlər. Ancaq evləndikdən sonra qısa yubka geyinmirlər. Bu da onların ailəli olduğunu göstərən xüsusiyyətlərdən biridir. Qadınlar kişilərlə birgə işləyirlər. Bununla belə, onlara qarşı ayrı-seçkilik var. Belə ki, eyni işdə çalışan qadının  məvacibi kişininkindən azdır.

Gündüzlər gərgin işləyən nayrobililər gecə həyatlarında ancaq əylənir, dincəlirlər. Məsələn, gecə saatlarında ancaq ərzaq mağazaları açıqdır. Kafe-restoranların, barların və kazinoların qarşısında isə qələbəlik olur.

Nayrobidə də maşınların tıxacına rast gəlinir. Bəzən adamlar saatlarla bu tıxaclarda qalırlar.

Bu ölkədə ən çox diqqətimi çəkən şey – adamların hamısından eyni qoxunun gəlməsi idi. Qəribə, şirin qoxuları var. Bir neçə gündən sonra supermarketə girəndə niyə hamıdan eyni qoxunun gəldiyini anladım. Belə ki, supermarketlər müxtəlif cür vazilinlərlə doludur. Saç və bədən üçün olan bu vazilindən demək olar ki, hamısı istifadə edir. Görünür bununla onlar günəşdən qorunurlar. Bu vazilinlərdən neçə gündən bəri burnuma hopmuş o iy gəlirdi.

11219104 10206695542171336 50922811265930494 n - Keniya – macəralar diyarı (VİDEO)

Etnik qruplar o qədər çoxdur ki…

Keniyada xeyli sayda etnik qruplar yaşayır. Hərəsinin öz ləhcəsi, bəzən dili var. Bizi Nayrobi ilə tanış edən taksi sürücüsünün sözlərinə görə, bəzən ləhcələr o qədər fərqli olur ki, bir-birlərini anlaya bilmirlər.

Keniyadakı ən böyük etnik qrup Kikuyulardır. Ölkə əhalisinin 25 faizini təşkil edirlər. Onlar əsasən paytaxt Nayrobinin ətrafında yaşayırlar və ənənəvi olaraq iqtidarı əlində saxlayan qrup hesab olunurlar.

Ölkədəki ikinci böyük etnik qrup Luhyalar  hesab olunur. Qərbi Keniyada Uqanda sərhədləri ətrafında yaşayırlar.

Luolar isə Ukereve gölü (Viktoriya gölü) ətrafında yaşayırlar və 3-cü böyük etnik qrupu təşkil edirlər. Onlar Uqanda və Tanzaniyada yaşayan xalqlarla qohumdurlar. Keniyanın 4-cü böyük etnik qrupu Kalenjinlər, beşinci isə Kambalardır.

Kambalar ənənəvi olaraq hərbidə söz sahibidilər. 6-cı ən böyük etnik qrup olan Kisiilər əhalinin 6 faizini təşkil edir və siyasi olaraq Luolar kimi Kikuyu iqtidarına qarşı bir siyasət sərgiləyirlər.

Məşhur Masai bazarları

Nayrobidə məşhur Masai bazarları var. Əsasən çərşənbə axşamı, cümə və şənbə günləri şəhərin müxtəlif yerlərində təşkil olunur. Bazar deyəndə ağlınıza qapalı bir yer gəlməsin. Geniş, boş ərazidə toplaşırlar. Burada əsasən əl işləri, heyvanın dərisindən, dişindən, eləcə də daşdan, taxtadan hazırlanmış müxtəlif əşyalar, büjuteriyalar, çantalar və s satılır.  İstənilən qədər hədiyyə almaq mümkündür.

Bu cür əşyalar şəhərin mərkəzindəki mağazalarda da var. Ancaq bir qədər baha. Əsas alıcıları əcnəbilər olduğundan qiymətləri yüksək söyləyirlər.

Bazarlarda tək gəzmək bir qədər qorxuludur. Çünki ölkə əhalisinin hamısı qaradərili olduğundan əcnəbilər asanlıqla seçilir. Odur ki, uzaqdan görən kimi az qala 10 kişi birdən ətrafını sarır, səni dilə tutub özünün ərazisindən alış-veriş etməyə sövq edir. Onlardan yaxa qurtamağın ən yaxşı yolu yerli sakinlərdən biri ilə getməkdir.

Bazardakı satıcıların da bu adamlardan çəkindiyi hiss olunur. Onların yanında dedikləri qiyməti sonra çox asanlıqla dəyişir, ucuzlaşdırırlar.

Bizimlə söhbət edən qadın satıcılardan biri dedi ki, bu adamlar avaradılar, yeganə işləri bazarda satıcılara hədə-qroxu gəlməklə pul qoparmaqdı. Satıcılar isə bu barədə polisə xəbər verib başlarına bəla açmaqdansa, onlarla dil tapmağa üstünlük verirlər.

Ümumiyyətlə, Masailər bu ölkədə çox hörmətlidirlər. Az qala hər yerdə bu ada rast gələ bilirsən. Əslində kenyalılar da yaxşı bilir ki, bura gələn turistlərin də ən çox diqqətini çəkən onlardır.

Masailər kimdir?

Nayrobiyə təxminən 390 kilometr məsafədə yerləşən Masai Marada yaşayan qəbilə, aslan, leopard və hepard kimi vəhşi heyvanların olduğu ucsuz-bucaqsız düzənliklərdə yaşayırlar. “Sonsuz torpaqlar” mənasını verən Masai Marada ayaqqabılar öldürülən heyvanların dərisindən tikilir. Masailər, rəngli parçalardan geyimlər geyinirlər.

Vikipediyada, eləcə də müxtəlif internet resurslarında bu qəbilə haqqında ətraflı məlumat var. Məlumatlardan da göründüyü kimi, masailər daha çox ətlə qidalanırlar. Daxmalarını çevrə şəklində tikər, mərasim və yığıncaqlarını kəndin ortasındakı boş sahədə keçirərlər.

Masailərin heyvanlarla birlikdə yaşadığı daxmalarda bir otaq və kiçik bir boşluq var. Otaqda, ana, ata və uşaqlar yaşayır. Daxmanın qalan hissəsində heyvanlar qalır. Keniya hökumətinin verdiyi qərarla yalnız qəbilə rəislərinin oğulları məktəbə gedir və ingiliscə öyrənirlər.

Su ehtiyaclarını ətrafdakı axar sulardan daşıyaraq ödəyən masailər, elektrikdən istifadə etmirlər.

Masai kişiləri 18, qadınları isə 16 yaşında evlənirlər. Kişilər böyüdüklərini sübut etmək üçün adətə görə aslan ovlamalıdırlar. Lakin aslanların nəslinin kəsilmək üzrə olduğu təhlükəsinə görə, bu adət Keniya hökuməti tərəfindən qadağan edilib. Masaidə birdən çox qadınla evlənmək sərbəstdir.

Günlərinin böyük bir hissəsini ev işləriylə keçirən qadınlar, ətrafdan yığdıqlarıyla müxtəlif bəzək əşyaları düzəldirlər. Qəbilədə əhəmiyyətli qərarlar yaşlı kişilər tərəfindən verilir. İctimai həyat, şifahi qanunlar tərəfindən təyin olunaraq, anlaşılmazlıqlar böyük baş heyvanlar dəyişdirilərək həll edilir.

Qəbilə, turistlərə müəyyən bir ödənişlə kəndlərini gəzdirir. Qonaqlarına ənənəvi rəqs nümayişləri təqdim edən masailər, ovlarda istifadə etdikləri ox, burma və mizraq kimi alətləri də tanıdır.

Kəndi gəzən xaricilərə, primitiv şərtlərlə ocaq yandırmağı göstərən masailər, kəndin ortasındakı boş sahəyə qurduqları sərgilərdə də hədiyyəlik əşya satırlar. Masailər, bu şəkildə əldə etdikləri gəlirlə qəbilənin ehtiyaclarını qarşılayırlar.

Kənddə, texnologiyanın cazibəsinə müqavimət göstərə bilməyən bəzi masailər cib telefonu istifadə edirlər. Konturlu xətt istifadə edən qəbilə üzvləri, elektrikin olmadığına görə, telefonlarına ətrafdakı qonaq evlərində elektrik doldururlar.

Canlı təbiətlə təmasda

11013318 10206695534531145 6259036149559313388 n - Keniya – macəralar diyarı (VİDEO)Nayrobidən 40 dəqiqəlik məsafədə çox böyük bir ərazidə (ərazini gəzmək bir neçə saat çəkir)  milli park salınıb. Daha doğrusu, vəhşi heyvanların yaşadığı həmin ərazi parka çevrilib. Elə turistlərin də bu ölkəyə axın etməsinin əsas səbəbi məhz bu parklardır. Parkı piyada gəzmək həm qorxuludur, həm də buna icazə verilmir. Çünki hər an vəhşi heyvanla qarşılaşmaq təhlükəsi var. Amma onları çox aşağı sürətdə hərəkət edən maşının pəncərəsindən rahatca izləyə bilərsən. Bəzən heyvanlar lap yaxınında olur, əlini uzadıb toxunacaq qədər yaxında…

Xüsusən meymunlara hər yanda rast gəlmək mümkündür. Hətta piyada gəzdiyin yerlərdə, parklarda və s.

Milli parka getmək o qədər də baha başa gəlmir. Xüsusilə Nayrobidə hansısa taksi ilə danışmaq daha sərfəlidir. Bir neçə saatlıq gəzinti, təkrar Nayrobiyə qayıtmaq ümumilikdə 150 avroya başa gəlir (maşındakı adamların sayı nəzərdə tutulmur).

Parkın girişində böyük ticarət mərkəzi, kafelər var. Burada özünə bazarlıq edə, ərzaq ala bilərsən. Çünki səni qarşıda bir neçə saatlıq gəzinti gözləyir ki, onu susuz və yeməksiz başa vurmaq çətindir.

Milli parkda müxtəlif istiqamətlər var və hər yolayrıcında ətrafda hansı heyvanın olduğu barədə məlumat yazılıb. Mayda havalar soyuduğundan heyvanların bir qismi Tanzaniyaya köç etmişdilər. Ona görə də, məsələn, şirləri, pələngləri görmək üçün gözləmək lazım gəlirdi. Bəzən də heç gözləmədiyin halda qəflətən hansısa  kolun, ağacın dibindən bir heyvan çıxıb səni heyrətləndirirdi.

Milli parkın yaxınlığında “Nairobi safari walk” adlanan yer var. Bura bir qədər fərqlidir, adətən zooparkı xatırladır. Heyvanların hamısı ətrafı izolə edilmiş ərazidə saxlanır. Buradakı mühafizə xidmətində əsasən qadınlar çalışır.

11264010 10206695542771351 6396085990557031382 n - Keniya – macəralar diyarı (VİDEO)

Gəzməli yerlərdən biri də Nayrobidən bir qədər aralıda yerləşən fil balalarının sığınacağıdır. Burada fillər saxlanır və əsasən günün birinci yarısında onları yemləməyə çıxarırlar. Elə turistlər də filləri yalnız o saatlarda görə bilirlər.

10996011 10206695532451093 7467011473122022202 n - Keniya – macəralar diyarı (VİDEO)

 Keniyaya gedirsənsə, mütləq baş çək

Nayrobidə olub Karen Blixenin ev-muzeyinə baş çəkməmək olmaz. Kareni dünyaya “Out of Africa” (Afrikadan çıxış) kitabı tanıdıb. Bu kitab müxtəlif dillərə tərcümə olunub, əsasında film çəkilib.

Karen Blixenin mənzili çox böyük ərazini əhatə edir. Burada onun evi, baronla keçirdiyi həyatı, eyni zamanda Denisə olan məhəbbətinin elementləri var. Həyətdə ailəyə məxsus, vaxtilə istifadə olan qəhvətoplayan maşın var. Bu böyük məkanda indi yarmarka təşkil olunur, oradan əldə edilən pullar xeyriyyə məqsədilə xərclənir.

Bir sözlə, bu məkana baş çəkməklə təkcə böyük bir məhəbbət hekayəsi, xeyirxah insanın həyatı ilə tanış olmayacaqsız, həm də doyunca əylənib, alış-veriş edə biləcəksiz.

Əminəm ki, nə zamansa bu ölkəyə səfər etsəniz, onun xatirəsi həmişəlik yaddaşınızda xoş izlər buraxacaq…

BƏYƏN
Öncəki məqaləXaricə getmək istəyənlərin diqqətinə: Vizaların qiyməti (SİYAHI)
Növbəti məqaləDünyanın 10 ən güclü universiteti hansılardır?

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın