Turist olma, sakin ol, zövq al, əylən

gran via 04 1024x628 - Madridin real üzüƏtrafımdakılardan kimə İspaniyaya gedəcəyimi deyirdim hamısı bir ağızdan “mütləq Barselonanı gör”, – məsləhəti verirdi. Sözü Madridin üstünə gətirəndə, bu dəfə də “standart, darıxdırıcı şəhərdir”, – sözlərini eşidirdim. Yenə də Madridi görmək istəyim ölmürdü. Bəlkə də, sevimli futbol klubum Real Madridə görədir, bilmirəm, xüsusi simpatiyam var bu şəhərə. Nəhayət, kimsəni dinləmədən oktyabrda Madridə 3 günlük səyahət planladım.

Bakıdan Madridə – 93 avroya

“Wizzair”lə Bakıdan Budapeştə 45, Budapeştdən Madridə 48 avroya uçdum. Evdən səhər saat 5-in yarısı çıxmışdım,  Madridə gecə saat 11-də çatdım. Tutduğum otel şəhərin mərkəzi küçəsi Gran Viada (G.M: böyük yol deməkdir) idi. 3 gecəsinə 78 avro ödəmişdim. Tapmaq çətin olmadı. Küçənin adı ilə eyni olan Gran Via metro stansiyasında endim. Stansiya çıxışından 30-40 addım irəlidə idi.

Ya bəyənməsəm?

madrid - Madridin real üzüYol boyu içimdə qəribə hiss vardı. Ya bəyənməsəm? Yuxu gözümdən tökülsə də yatmadım. Bir az dincimi alandan sonra düşdüm şəhərin canına. Gran Via küçəsinin gecələr çox gözəl işıqlandırıldığını səyyahların qeydlərindən oxumuşdum. Həqiqətən də möhtəşəm idi. Yaxın ətrafı gəzəndən sonra ispanların Tapas bar adlandırdığı kiçik kafelərdən birində oturdum. Unlanmış kalmar qızartması ilə ləzzətli sangriyanın (G.M: şərab növü) dadına baxdım.

Turist kimi yox, şəhər sakini kimi davran, zövq al

madridd - Madridin real üzüMadridin necə şəhər olmasına keçmədən öncə, burada özünüzü qonaq kimi yox, 2-3 günlük də olsa, şəhər sakini kimi aparsanız, daha çox ləzzət alacağınızı demək istəyirəm.

Madrid İspaniyanın ən qaynar şəhərlərindən biridir, paytaxtıdır. Düz şəhərdir, velosiped üçün əlverişlidir. Düzdür, Amsterdam kimi velo mədəniyyəti yoxdur, amma orada pedallamaq Bakıdakı kimi çətin də deyil. Şəhərin ortasından Madridi 2 yerə ayıran Manzanares (ispanca Ribera del Manzanares) çayı keçir. Əvvəllər məskunlaşma daha çox çayın ətrafında olub. Ancaq getdikcə şəhərin mərkəzi yerini dəyişib. Bu gün çay şəhərin aşağı hissəsində itib-batıb.

Haraları, necə gəzək?

img 7544 - Madridin real üzüMadridin yaxşı cəhətlərindən biri də gəzilib-görülməli yerlərinin bir-birinə yaxın yerləşməsidir. Bir gün ərzində heç bir nəqliyyat vasitəsinə pul xərcləmədən şəhəri piyada gəzə bilərsiz.

Vaxt azdırsa, “Hop-on,Hop-off” turist avtobuslarından da istifadə etmək olar. Mən etmədim, həm baha, həm mənasız bildim. Əslində, bu turist gəzdirən avtobuslara özlüyümdə “peşmançılıq” adını vermişəm. Avtobusda gəzənlərin peşman olduqlarını düşünürəm. Onlar ya gözəl şəhərləri gənc vaxtı gəzməyib, 50-60 yaşından sonra gəlib, vaxtında gəlmədikləri üçün peşman olanlar, ya da bu şəhərə 1 gün ayırıb, piyada gəzməyə vaxtı qalmayanlardır – deyə düşünürəm 🙂 .

Bu fikrin məntiqli olduğunu iddia etmirəm.

Madridin və İspaniyanın ürəyi

madridddd - Madridin real üzü

Madridi gəzməyə Puerta del Sol meydanı ilə başladım. Bura həm Madridin, həm də İspaniyanın mərkəzidir. Giriş qapısı, İspaniyanın ürəyi də adlandırırlar. Nə vaxtsa AZTV-də Madrid dağılır, camaat ayağa qalxıb xəbərinə rast gəlsəniz, bilin ki, insanların etiraz aksiyası keçirdikləri yer Puerta del Soldur. Ta qədimdən etiraz aksiyaları bu meydanda keçirilir. Buradan yeriyərək Plaza Mayor (G.M: böyük meydan) deyilən yerə gedə bilərsiniz.

Üzlərindən xoşbəxtlik, sevinc yağan turistlər

img 7547 - Madridin real üzüQırmızılı, köhnə binalarla  əhatələnmiş, böyük, dördbucaq  meydan keçmişdə ölüm cəzası verilmiş insanların asıldığı, başlarının kəsildiyi yerdir. Hər cür toplantıların keçirildiyi bu yerə “edam meydanı”da deyirlər. Elə havasının ağırlığı da keçmişdən gəlir. Burada siz ispanların milli geyimlərində fotolar çəkdirə, tarixi restoranların birində ətrafa qoxusu yayılan kofedən içə-içə meydanda şəkil çəkdirən, üzlərindən xoşbəxtlik, sevinc yağan turistlər və onları turları ilə tanış edən tur rəhbərlərini izləyə bilərsiniz. Meydanın ətrafındakı rəssam və heykəltaraşlar əsərlərini nümayiş etdirir. Bəyəndiyinizi alıb ölkənizə apara bilərsiniz.

Kral sarayından başlayan böyük yol

Plaza Mayordan üzü aşağı düşəndə qarşınıza Royal Palace (G.M: kral sarayı) çıxacaq. Bilet təxminən 12-15 avroyadır. Saraydan aşağıya doğru addımlayıb Gran Via küçəsinə çıxdıq. Madridin ən önəmli yoludur. Küçənin sağ-solunda bildiyimiz məşhur geyim mağazaları, şirniyyat, kofe məkanları, restoranlar var. Yerli insanlar bu yolda ehtiyyatlı olmağı məsləhət görürlər. “Hər an çantanızı alıb qaça bilərlər”, – deyirlər. Bu küçədə həm də ən məşhur Flamenco (G.M: məşhur ispan rəqsi) klubları var.

Velosipedlə yoxsa piyada?

madridr - Madridin real üzüMadridə getmişkən mütləq Buen Retiro Parkına da baş çəkin. Buradakı süni yaradılmış göldə katamaranla gəzə, kristal sarayı görə bilərsiniz. Bütünlükdə şüşədən tikilmiş sarayın ətrafında flemenco rəqqasələrinin saçlarına taxdıqları gül, ispan qızlarının simvoluna çevrilmiş yelpik, suvenir və s. maraqlı hədiyyələr almaq olar. Bu parka həm də Madridin ciyərləri deyilir, başdan-ayağa yaşıl parkı həm piyada, həm də girişdə kirayələdiyiniz velosipedlə gəzə bilərsiniz.

Vağzal içində meşə 🙂

madrid1 - Madridin real üzü

Vaxtınız qalsa, Madridin Atocha adlandırılan qatar vağzalını da görün. İçində ölkənin müxtəlif yerlərindən gətirilmiş yüzlərlə çiçək, ağac əkilib. Kiçik meşədir sanki. Meşənin sakinləri də var, balıqlar, tısbağalar, kirpilər 🙂 Görmədiyimiz, rastlaşmadığımız abu-havaya sahibdir.

Madriddə gecə həyatı

madrid2 - Madridin real üzü

Özü kimi hərəkətli, rəngarəng, maraqlı gecə həyatı var Madridin. Bir çox gecə klubuna, Flamenco və Tapas barlara ev sahibliyi edir. Həftə sonları əksər əyləncə məkanlarında canlı musiqi olur. Turistlərin əsas maraqlandıqları isə Flemencodur. Gran Via və ona yaxın mərkəz hissələrdə Flemenco barlara gedib, həm əylənə, həm də yemək yeyə bilərsiniz.

Nə yeyib, nə içək?

Acqarına gəzmək mümkün olmadığına görə Madriddə harada, nə yeyib-içəcəyimizi də bilməliyik. Başlayaq səhər yeməyindən. Madriddə xüsusi açıq bufetlər olur. Girişdə adambaşına 5 avro ödəməklə bufetdə istədiyinizi yeyib-içə bilərsiniz. Belə bufetlər səhər 11-dək açıq olur. İlk gün o qədər yemişdim ki, bir də axşam acdım 🙂 .

madrid3 - Madridin real üzüSangriya və tapanın dadına mütləq baxın. Tapa sözünün hərfi mənası qapaq deməkdir. Tapas isə müxtəlif çeşidli qəlyanaltılardır. Tapalar xüsusi Tapas Barlarda verilir. Bu, müxtəlif növ dəniz məhsullarından, pendir çeşidlərindən, kartof qızartmasından ibarət ola bilər. Qiyməli kartof, içinə sala və ya balıq hissəsi qoyulan zeytun da tapas sayılır. Növləri çoxdur, qızarmış kalmardan tutmuş, mürəkkəb balığı parçalarına qədər. Həcmi kiçikdir. Məncə, azərbaycanlılar biri ilə doymaz. Odur ki, oturanda bir yox, 2-3 növdə tapas sifariş etməyi məsləhət görürəm. Sangriya isə adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz qoyulmuş formasıdır. Dadlı və şirin olduğundan içdikcə içirsən, bir də ayılırsan ki, ayağa dura bilmirsən, sərxoş olmusan 🙂 Bir də var ispanların paella adlandırdıqları yemək. Bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plovdur. İçində istəyə uyğun krivetka, toyuq, ət, balıq, tərəvəz və s. ola bilir. Boşqabda yox, qulplu, dəmir tavada servis edilir.

madrid4 - Madridin real üzü

Madriddə yemək çox bahadır. Məsləhətim açıq bufetlərdir. Burada 12-15 avro ödəməklə istədiyinizi yeyib-içə bilərisiniz. Təbii qiymətə spirtli içki daxil deyil. Pizza, ət, salat, müxtəlif çeşidli tapaslar, içkilər, şirniyyat və s. hər şey olur.

Əlavə 1 gününüz də varsa…

Barselonada qadağan olunan öküz döyüşləri Madriddə hələ də keçirilir. Şounun keçirildiyi ən məşhur arena Plaza de Toros de Las Ventasdı. Gran Via metrosundan təxminən 3-4 stansiyalıq yoldur. Getmək istəsəniz, biletləri arenanın girişindən və ya online ala bilərsiniz. Şou gününə düşməsəniz də üzülməyin. Həftənin bir neçə günü turistlərə arenaya giriş icazəsi verilir. Gəzə, şəkil çəkdirə bilərsiniz.

madrid5 - Madridin real üzüVə gəldik əsas məsələyə – Real Madridin möhtəşəm Santiago Bernabéu Stadium-na. Görmədən qayıtmayın deyərdim 🙂 Azərbaycanın milyardlar töküb tikdiyi Olimpiya Stadionundan möhtəşəm görünürdü.

Madridə getməyə dəyərmi?

madrid6 - Madridin real üzü

Mən sizə Madridə gedin və ya getməyin məsləhəti verməyəcəyəm. Özümü orada necə hiss etdiyimi anladacağam:

Madriddəykən qulağımda məni coşduran, səbəbsiz mutlu və həyacanlı saxlayan ritmik musiqi vardı. Uşaq vaxtı anam “hazırlaşın, sizi dənizə aparacam”, – deyəndə bu qədər xoşbəxt olurdum. Sizə adi gəlməsin, böyüdükcə xoşbəxt olmaq çətinləşir… 🙂

BƏYƏN
Öncəki məqaləŞotlandiya haqqında bilmədiklərimiz
Növbəti məqaləHindistanda yubka geyinmək olmaz?

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın