Əski İstanbulu duymaq üçün adaya getməlisən

buyukada compressor - İstanbulun böyük, ən gözəl adası – “Böyük ada”Trotskinin sürgün həyatı yaşadığı, Reşat Nuri Güntekinin evinin olduğu ada…

“Sizin yaşınız azdır, bilməzsiniz… Bu şəhər necə çirkinliklərə şahid olub, necə iyrənçlikləri ört-basdır edib. İstanbul – İstanbul olmaq, bu günə gələ bilmək üçün çox şeyləri özündə basdırıb. Bizim dədələrimiz həmişə vuruşub, bir çox savaşlardan keçmişik. Bunun yaxşı üsul olmadığını bilirik. Dava-dalaş istəmirik. Ancaq bəzən insanlarımıza başqa şans buraxmırlar”, – Kabataş vağzalından adalara doğru gedirik. Gəmidəki 93 yaşlı, eks dövlət məmuru İstanbulun keçmiş vaxtlarından danışır.

Gəmi Heybəli adasında dayanır. Sərnişinlərdən birinin halı pisləşib. Hamının qadına görə narahat olduğunu görən yaşlı adam əlavə edir: “Görürsünüz də pulsuzluqdan, dərmansızlıqdan asma xəstəsi nə hala düşüb”.

Böyük Adaya İstanbulun Kabataş bölgəsindəki gəmilər (vapur) gedir. Həmin axşam yaman basabas idi. Adətən həftə sonları bütün istanbullular adaya istirahətə gedir. Basabası bununla əlaqələndirir yerlilər. 5-ci gündü.  Üzü İstanbul adalarına, Böyük Adaya doğru gedirik. Əslində bir saatlıq yoldu… Ancaq halı pisləşən sərnişinə görə yarım saat gözləməli olduq. Kapitan gəmidə olan hər bir sərnişinə görə cavabdeh olduğunu, təcili yardım gəmisi gələnə qədər gözləyəcəyini bildirdi. Sonda da “hər birinizə anlayışınıza görə təşəkkür edirəm”, – anonsu keçdi 🙂

Nəhayət, 1,5 saatlıq yoldan sonra Böyük Adanın işıqları görünür. Buranın köhnə adı Prinkipodu. Yunanca “böyük” deməkdir. Trotskinin bir müddət sürgün həyatı yaşadığı, Reşat Nuri Güntekinin evinin olduğu bu ada İstanbul adalarının ən böyüyü, ən gözəlidir.

sdf 3490 compressor - İstanbulun böyük, ən gözəl adası – “Böyük ada”Burada avtomobilə rast gəlməzsən. Həm sakinləri, həm də gələn qonaqlar nəqliyyat vasitəsi kimi ya velosipeddən, ya da at arabalarından istifadə edir. Velosipedlə 1 saata adada böyük tur edə bilərsən. İsa təpəsində Xristos kilisəsi və Rum yetimxanası var. Ən yüksək təpədə isə Aya Yorgi Kilsəsi və Aya Yorgi Manastrı yerləşir. Bura qalxanların sayı azdır. Çünki yüksəklik və yolun uzunluğu insanı yorur. Saat 4-də Monastr bağlanır. Bu vaxtdan sonra ora demək olar ki, heç kim getmir. Əvvəl türk bayrağı, sonra kilsə zəngi, daha sonra da kilsənin binası görünür. Az qalıb çatmağa. Təpənin başından açılan mənzərə bir başqadır. Elə buna görə dəyərdi bura qalxmağa. Yuxarıdakıların əksəriyyəti gənclərdir. Məlum, yüksəkliyə çıxmaq xeyli əziyyətlidir 🙂

Məhşur türk yazarı Rəşat Nuri Güntekinin evi isə adanın ən gözəl yerindədir. Böyük tur yolunun düz üstündə. İki mərtəbəli, ağ, qapı-pəncərəli qırmızı ev… Bir tərəfi dənizə, bir tərəfi isə meşəyə baxır. Baxanda düşünmədən olmur, görən hansı əsərini yazmağa məhz bu eyvanda başlayıb, görən dənizə baxıb ilhamlanıb, yoxsa meşəyə? Bəlkə də, səhər baxanda üfiq xəttində dənizlə qurunun birləşməsi onu yazmağa həvəsləndirib. Görən bu cür gözəl yerdə yaşamağının yazmağına təsiri olubmu?

1475570673 compressor - İstanbulun böyük, ən gözəl adası – “Böyük ada”Yerli camaat maraqlanan insanlara ada haqqında danışmağı xoşlayır. Trotskinin Böyük Adada yaşadığını da onlar dedi. Leon Trotski Lenin tərəfindən qovulanda Türkiyəyə gəlib. O, bir müddət Böyük Adada yaşayıb. Yaşadığı ev bu gün normal vəziyyətdə deyil. Ancaq o vaxt yaxşı olub deyirlər. Dözməyib “kaş məni də belə yerə sürgünə göndərərdilər”, – dedim. Hekayəni danışan balıqçı susdu, sonra bərkdən qəhqəhə çəkib güldü: “Canım, hepimiz sürgün deyilmiyiz sanki?”, – dedi 🙂

Adada gözəl otellər, pansionatlar da var. Sayları çox deyil. Ancaq otellərin qiyməti biraz bahadır. Biz pansionatda qaldıq, “Masal Pansionu”nda. “Masal gibi yani” 🙂

büyükada sokak compressor - İstanbulun böyük, ən gözəl adası – “Böyük ada”Yemək-içmək isə bizdən qat-qat ucuzdur. Xüsusən də balıq yeməkləri 🙂 Ada sahillərində gəzərkən qoxusunu duymamaq mümkün deyil.

Sakinləri adanın səhər ayrı, axşam ayrı gözəlliklərinin olduğunu deyir. Ada –  səhərini balıqçılarını dənizə yola salmaq və gələn ilk ziyarətçilərini qarşılamaqla açır. Axşamını isə dəniz sahilində son sərnişinlərini aparmaq üçün gözləyən dəniz avtobuslarının “son, gedənlər qalmasın, sonuncu gəmi çıxır”, – səsləri, balıqçı təzgahlarından gələn “bunlar dərya quzularıdır, dadmayan qalmasın” sözləri ilə tamamlayır. Qızardılmış balıq iyi bütün dəniz sahilinə yayılır. Hər tərəf səs-küy, hamı günün son alış-verişini edir. Gün batarkən səmada yaratdığı qızartılar yavaş-yavaş çəkilməyə başlayır. Beləcə, ada növbəti gün batımını, növbəti axşamını yaşayır…

BƏYƏN
Öncəki məqaləDünyanın müxtəlif ölkələrində ucuz və pulsuz gecələmənin yolları
Növbəti məqaləAvropanın məşhur olmayan 10 gözəl şəhəri…

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın