Kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhur möhtəşəm qəsəbələr

Daha əvvəl sizə “Azadlığın Şəhəri Amsterdam” barədə yazmışdım. Bu şəhərin gəzib-görməli yerləri, otelləri, restoranları haqqında məlumat vermişdim. İndi isə Amsterdam yaxınlığındakı kənd və qəsəbələrdən yazacağam. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.

Şəhərə 30-35 dəqiqə məsafədəki gözəlliklər

Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Hollandiya təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.

Cəmi 10 avro ödəməklə

Amsterdam Holland and Delft 179 - Van Qoqun əsərlərindən sıçrayıb çıxmış qəsəbələrVağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyni ölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.

Kiçik balıqçı qəsəbəsi – Marken

Kuzey Hollanda Marken 61 compressor - Van Qoqun əsərlərindən sıçrayıb çıxmış qəsəbələrNövbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyni boylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbə… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.

 

Kanallarla bəzənmiş Eden

460 - Van Qoqun əsərlərindən sıçrayıb çıxmış qəsəbələrEden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir,  kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.

Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbə

Zaanse schans Zaandam - Van Qoqun əsərlərindən sıçrayıb çıxmış qəsəbələrZaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.

Hollandiyanı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…

BƏYƏN
Öncəki məqalə”AZAL rəqiblərini sıxışdırır”
Növbəti məqaləABŞ azərbaycanlılara viza qaydalarını sadələşdirdi

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın