Natiq Cəfərli: ”Azərbaycanda ucuz aviaşirkətlərin davam gətirə bilməməsinin fəsadlarını vətəndaş çəkir”

“Pegasus” aviaşirkəti oktyabrdan etibarən Qəbələ reyslərini bağlayıb. Şirkətin Biznes İnkişafı Departamentinin direktoru Ozan Ortaç açıqlama verərək bildirib ki, “Pegasus”un Qəbələ reysləri gözlənən nəticəni verməyib, uçuşlar gəlirli olmayıb. Şirkət də zərər etməsin deyə, reysləri bağlamalı olub.

Ucuz aviaşirkət kimi tanınan “Pegasus” bu ilin martından həftədə 3 dəfə İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərini gerçəkləşdirirdi.

Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkət nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. Gediş-gəliş qiymətləri isə 15 manat civarında idi.

Azərbaycanda aşağı büdcəli aviaşirkətlər davam gətirmir?

pegassus compressor - ''AZAL rəqiblərini sıxışdırır''Səyahət yazarları və iqtisadçılar “Pegasus”un Azərbaycanda davam gətirə bilməyən ilk aşağıbüdcəli aviaşirkət olmadığını deyirlər. Daha öncə də ucuz uçuş həyata keçirən hava yolları ilə problemlər yaşanıb. Məsələn, 2014-cü ilin oktyabrına qədər Macarıstanın “​WizzAir”​ aviaşirkəti Bakı-Budapeşt reysini  həyata keçirirdi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinin qiyməti 40-60 avro arası dəyişirdi. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Bu ilin martından isə yenidən bərpa edildi. Ancaq əvvəlki qiymətlərdən bir qədər baha. Hazırda gediş-gəliş təxminən 100-150 avro arası dəyişir.

“WizzAir”-in ölkəyə ikinci dönüşü zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, macar aviaşirkətinə Budapeştə uçuşları Qəbələdən yerinə yetirmək təklif olunsa da, onlar bunu qəbul etməyiblər. Bakıdan uçmaqda israr ediblər. Son nəticədə AZAL “WizzAir”lə razılaşıb.

“Problemin kökündə AZAL-ın inhisarçı mövqeyi dayanır”

52de8b1e99dbed7554f9830ff1a99d1c - ''AZAL rəqiblərini sıxışdırır''İqtisadçı Natiq Cəfərli problemin elə buradan qaynaqlandığını deyir. Aviaşirkətlər Bakı bazarına buraxılmır, nəticədə ziyan edir, müəyyən vaxtdan sonra bağlanır:

“AZAL-a da bu lazımdır. “Pegasus”un uçuşları ilk gündən Qəbələyə yox, Bakıya olsaydı, bu gün şirkət ziyan etməz, uçuşlar davam edərdi.  Problemin kökündə AZAL-ın inhisarçı mövqeyi dayanır. Rəsmi rəqəmlərə görə, ölkədə təyyarə ilə sərnişindaşımanın 99 faizini AZAL həyata keçirir. AZAL bazarda özünə rəqib görmək istəmir. Ona görə də rəqiblərini ya sıxışdırır, ya da, ümumiyyətlə, bazara daxil olmasının qarşısını alır. “Pegasus” da onun kimi. Bakıya buraxılmadı, Qəbələdə də davam gətirə bilmədi”.

“12-yə yaxın milli və beynəlxalq aviaşirkət Gürcüstana uçuşlar həyata keçirir”

İqtisadçı deyir ki, Azərbaycanda ucuz aviaşirkətlərin davam gətirə bilməməsinin fəsadlarını vətəndaş çəkir. Bakıdan həyata keçirilən uçuşlarla qonşu ölkələrdəki uçuş qiymətləri arasında kəskin fərq yaranır:

“Gürcüstana 12-yə yaxın milli və beynəlxalq şirkət birbaşa uçuşlar həyata keçirir. Nəticədə rəqabət mühiti yaranır. Rəqabət üstünlüklərindən də vətəndaşlar faydalanır. Ucuz qiymətə dünyanın istənilən nöqtəsinə gedə bilirlər. AZAL hazırki mövqeyindən əl çəkməyənə qədər vəziyyət belə də davam edəcək”.

“Rahatlığı rahat, ucuzluğu ucuz”

Səyahətçinin “Facebook” səhifəsində izləyicilər “Pegasus”un getmə səbəbləri ilə bağlı müzakirələrdə fikirlərini bölüşüblər.

Sumaya Quliyeva yazır ki, İstanbula “Pegasus”la getməklə, qiymətin yarısına qənaət edirmiş:

“Hər şey yaxşı idi. Razıydıq. Xüsusilə də şirkətin Bakıdan-Qəbələyə aparan “shuttle” avtobus xidməti əla idi. Kaş yenə qayıda”.

Ceyhun Kərimov isə yazır ki, rahatlığı rahat, ucuzluğu ucuz idi: “Şirkətdən razı idik. Adicə baxaq bu gün AZAL-ın Bakı-London reysinə. Gediş-dönüş 861 manatadır. Ancaq “Pegasus”la Tbilisidən Londona gediş-dönüş 344 manatdır”.

Cəmil Cəmilov da “Pegasus”un Qəbələ-İstanbul reysindən istifadə edib. Deyir, Bakıdan getməkdən sərfəlidir: “Ən son sentyabrda istifadə etmişəm. Deyəsən elə ondan sonra da bağlandı. İstanbula ən sərfəli, ən ucuz çıxış idi”.

Loukosterlər

“Pegasus”, “OnurAir”, “AtlasJet” – bunlar Türkiyənin aşağı büdcəli aviaşirkətləridir. Bir ara “OnurAir” Gəncədən İstanbula uçuşlar həyata keçirirdi. Həmin reys də “Pegasus” Qəbələ-İstanbul reysi kimi bağlandı. Avropanın da aşağı büdcəli aviaşirkətləri var. Məsələn, “RyanAir”,  “EasyJet”, “German Wings”, “WizzAir”, “Corendon”, “Vueling” və s. Bunlardan cəmi birinin, “WizzAir”-in Azərbaycana çıxışı var. O da çoxsaylı mübahisələrdən sonra…

“Bürokratik əngəllər aşağı büdcəli aviaşirkətləri sıxışdırır”

vizzair compressor - ''AZAL rəqiblərini sıxışdırır''

Səyahətçi bloqqer Babək Musazadə isə deyir ki, loukosterlərin Azərbaycana gəlməməsinin və ya davam gətirə bilməməsinin əsas səbəbi bürokratik əngəllərdir:

““WizzAir” 2013-cü ilin yayında Bakıya reys açmışdı. 1 il sonra bağladılar. 2015-ci ildə elan olundu, biletlər satıldı, Bakı hava limanının istədiyi hava limanı xərclərinə görə uçuşa günlər qalmış dayandırıldı və hamının pulu geri qaytarıldı. Yenidən bu ilin martından uçuşlar başladı. “WizzAir” Azərbaycandan 2 dəfə getdi. Görək 3-cüsü necə olacaq”.

“WizzAir” Bakıya açdığı reysdən bir il sonra Gürcüstanın Kutaisi şəhərindən də uçuşlar təşkil etməyə başladı. Əvvəlcə 5, hazırda isə 12 istiqamətdə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat). Bakıdan Tiflisə getməyin qiyməti isə avtobusla 12,5 manatdır.

“WizzAir” Kutaisidən 12 istiqamətdə uçuş həyata keçirir

Babək Musazadə deyir ki, bu yaxınlarda Kutaisidəki hava limanını “WizzAir”in təmir etməsi ilə bağlı məlumat alıb:

“İnternetdə axtarış edəndə gördüm ki, hava limanının açılışına “WizzAirin” CEO-su Yozsef Varadi və Macarıstanın baş naziri Viktor Orban qatılıb. Bu da şayələrin doğruluq payını artırdı. Kutaisidən uçuşlar 2014-də – bizdən 1 il sonra başlayıb amma hal-hazırda Avropanın 12 şəhərinə uçuşlar həyata keçirilir. Avropa Türkiyə qədər məşhur destinasiya deyil. Düşünürəm ki, “Pegasus” Bakıdan İstanbula uçsaydı, daha məşhur olardı, insanlar daha çox istifadə edərdi. Çox güman “Pegasus”a Bakıdan uçmağa icazə verməyiblər”.

Şərikli uçuş

İldə bir neçə dəfə səyahət edən Bəxtiyar Qasımov deyir ki, “WizzAir”in Kutaisi şəhərindən həyata keçirdiyi uçuşldan çox istifadə edib: “Ordan getmək büdcəmizə uyğundur. Biz adətən Kutaisidən gedib, dönəndə Bakıya qayıdırıq. Dönüşdə də adətən “Pegasus”u seçirik. “Pegasus”un rəsmi saytından Avropanın istənilən nöqtəsindən Bakıya bilet almaq mümkündür”.

Bəxtiyar Qasımov deyir ki, bileti “Pegasus”dan almasına baxmayaraq, uçuş AZAL-la şərikli həyata keçirilir:

“Məsələn, Köln-İstanbul-Bakı reysində “Pegasus” səni Kölndən İstanbula, AZAL isə İstanbuldan-Bakıya gətirir. Buna oxşar Kopenhagen, Praqa, Lissabon və s. reyslər də var”.

İqtisadçı Natiq Cəfərli deyir ki, İstanbul-Bakı istiqaməti AZAL-ın ən çox gəlir götürdüyü reyslərdir. Ona görə də bu istiqamətdə özünə rəqib görmək istəmir:

“”Pegasus”un əlində imkan olsaydı, uçuşu sonacan özü həyata keçirərdi. AZAL “Pegasu”su Bakıya buraxmadığına görə uçuş şərikli həyata keçirilir. AZAL-ın Türk Hava Yolları (THY) ilə də eyni qaydada, şərikli uçuşları var”.

 

AZAL-ın bahalı təhlükəsizlik, yanacaq və yer haqqı…

AZAL compressor - ''AZAL rəqiblərini sıxışdırır''

Natiq Cəfərli deyir ki, Azərbaycanda aşağı büdcəli aviaşirkətlər üçün digər problem də Bakı Hava Limanının sərnişin təhlükəsizliyi üçün şirkətlərdən adambaşına aldığı 15 avro, təyyarələrin yüksək dayanacaq haqqı, yanacaqla təmin olunması məsələləridir:

“Bunlar da çox bahadır. Ona görə də xarici şirkətlər məcbur olub qiyməti qaldırırlar. Qaldırmayanlara da AZAL təsir göstərir ki, qiymətlər ucuz olmasın. Xüsusən də AZAL-ın uçduğu istiqamətdə olan reyslərin qiymətini ya baha etsinlər, ya da, ümumiyyətlə, uçuş həyata keçirməsinlər”.

BƏYƏN
Öncəki məqalə30 yaşa qədər səyahət edə biləcəyin 10 yer
Növbəti məqaləVan Qoqun əsərlərindən sıçrayıb çıxmış qəsəbələr

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

  1. Çoxsağ olun. Sizin blog vasitəsilə səyahət etmək haqqında düşüncələrim dəyişdi. Daha ucuz necə səyahət etmək olar öyrəndim.

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın