Bakı küçələrindəki musiqiçilər hara yoxa çıxıb?

maxresdefault - Bizdə olmayan küçə sənətkarları... VİDEO

Şəhərlərdə yaşamağın üstünlüyündən biri də küçələrində musiqiçilərin, rəssamların, sənətkarların olmasıdır. İşdən yorğun çıxıb evə gedə-gedə canlı musiqi dinləməyin, yaxud da zövqoxşayan əsərlərə tamaşa etməyin nəyi pisdir ki?

Əvvəllər Bakı küçələrində də musiqiçilərə rast gəlirdik. Xüsusən də “Tarqovı”da (Nizami küçəsi) rəssamlar, sənətkarlar öz əl işlərini sərgiləyirdilər. Musiqiçilər müxtəlif musiqi alətlərində ifa edirdilər. İndi onlara rast gəlmirik.

Yəqin polislərlə qovdu-qaçdı oynamaqdan bezib, özlərinə başqa iş tapıblar.

İstanbulda Sultanahmet ətrafında küçə rəssamları toplanır. Gələn qonaqların portretini çəkib, pul qazanırlar. Bir gözləri tabloda, bir gözləri küçədə olur. Bir də eşidirsən ki, ən başda oturan “zabıta” deyib qışqırır. Beləcə, hamısı əllərindəki işi yarımçıq qoyub, ləvazimatlarını da götürüb qaçırlar.

Ancaq əksər ölkələrdə onlara dəyib-dolaşan olmur. Məsələn, Tbilisinin mərkəzi küçəsi Rustavellidə, metro kənarlarında musiqiçilər olur. Gözəl ifaları ətrafdakıları ayaq saxlayıb dinləməyə və qarşılığında qəpik-quruş verməyə vadar edir.

Baxırsan ki, bəziləri halından məmnundur. Küçədə ifa etməyə hobbi kimi baxır. Bəziləri isə məcburdur, onlar çörəyini küçələrdən çıxarır. Onlara kimsə qarışmır. Nə polis, nə də icra hakimiyyəti… 🙂

Küçələrdə musiqiçilərin olması əladır əslində. Dinləyəndə adamın ürəyi açılır. Elə onların da əksəriyyəti insanlara sevinc bəxş etmək üçün ifa edir. Məsələn, Sloveniyanın paytaxtı Lubliyana şəhərində Konservatoriya müəllimləri küçədə ifa edirdilər. Onlar buradan topladıqları qəpik-quruşa ehtiyaclarının olmadığını, küçədə ifa etməyə hobbi kimi baxdıqlarını deyirdilər:

“Küçədə ifa həm bizə, həm də dinləyənlərə sevinc bəhş edir”.

Praqada isə tələbə yoldaşlarının əməliyyatı üçün ifa edən Konservatoriya tələbələri gördüm. Həm kiməsə kömək etmək, həm də küçədən keçənlərə zövq vermək idi niyyətləri.

Bu yaxınlarda Bakıda da bir qrupa rast gəldim. İfa etdikləri üçün soruşa bilmədim. Onu bildim ki, dünyanı gəzirlər. Gündəlik xərclərini qarşılamaq üçün ifa edirdilər. Görəndə o dəqiqə ağlıma polisin onları görüb, görmədiyi gəldi. Görsəydi, yəqin ki, biabır olardıq. Dinləyənlər, hətta oynayanlar da vardı. Küçə ifaları bizdə də sevilir. Sadəcə, musiqiçilər yoxdur, küçə musiqisinin daşını atıblar…

Nə deyəsən, kaş yenidən qayıdalar…

BƏYƏN
Öncəki məqaləŞengen Vizası nədir və Şengen ölkələri hansılardır?
Növbəti məqaləAvropada gəzib-görülməli 10 möhtəşəm, şirin məkan

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın