Üçbucaq damlı, qırmızı kərpicli evlər, ağ pəncərələr, evlərin arası ilə gedən tramvay yolları, yol kənarlarındakı kanallar, körpülər… Bir sözlə, gözəllik 

Baxırsan ki, şəhərdə həm çoxlu insan var, həm də dəhşət sakitlikdir. Tələsən insanlar küçədə bir-birlərinə dəyib, üzr istəyirlər. Yəni, o qədər basabasdı. Həm kalabalık, həm sakitlik… İkisi birlikdə mümkün deyil əslində. Bax, belə qeyri-adi şəhərdir Amsterdam.

Dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. Başdan-ayağa yaşıllıqdır. Kanallarla əhatələnib. Elə kanallar şəhəri də deyirlər arada. 1500-dən çox körpüsü var. Bəzi səyyahların qeydlərində ikinci Venesiya kimi keçir adı…

Hərənin bir ad qoyduğu şəhər

Amsterdam Holidays 300x200 - Azadlığın şəhəri Amsterdam…

Bütün gözəllikləri yaraşdırıblar Amsterdama. Ancaq adı həm də narkotik satışının, eynicinslilərin evliliyinin, fahişəliyin leqal olduğu bir ölkənin paytaxtı kimi çıxıb.

Bəzən ürəkli “mən Amsterdama gedəcəm”, – deyə bilmirsən. Düzdür, səni topa tutmurlar. Ancaq dodaqlarının altında gülüş peyda olur. Ardından “ehtiyatlı ol, adı üstündə, Amsterdam. Özündən muğayat ol” – kimi yersiz məsləhətlər verirlər. Qayıdanda da həmin məsləhətləri “küçələrdə oğlanlar öpüşürdü”, “narkotikin dadına baxdın”, “yəqin çoxlu lezbiyan gördün”, “bəs, Qırmızı Fənərlər Küçəsində oldun?” –  kimi suallar əvəz edir.

Qırmızı Fənərlər Küçəsi – həyatın digər üzü…

canal amsterdam the netherlands 300x200 - Azadlığın şəhəri Amsterdam…Bəli, Qırmızı Fənərlər Küçəsində (Red Light District) oldum. Başqa küçələrindən fərqlənmir heç. Eyni gözəllikdədir. İş yerlərinin, ləziz restoranların, yaşayış evlərinin olduğu küçə axşamlar çoxlu sayda insanın gəzib-dolaşdığı Qırmızı Fənərlər Küçəsinə çevrilir.

Qırmızı Fənərlər Küçəsindəki kiçik otaqlarda müştərilərinə xidmət göstərən qadınlar haqqında bu yaxınlarda bir kitabda da oxudum. Müəllif onları ”darıxan pişik”lərə bənzədirdi. Necə də yerində bənzətmədir 🙂 Bu ifadə niyə mənim ağlıma gəlməyib?

Ən maraqlısı da küçələrdə insanlarən ailəsi, övladları ilə dolaşmasıdır. Yəni, heç də insanların yolu düşsə belə yolunu dəyişib, uzaq durduğu bir məkan deyil. Əksinə, hollandiyalılar ailələri ilə rahat dolaşa bildikləri bu küçənin həyatın digər üzü olduğunu deyirlər. Gələn turistlər kiçik şüşəli qapıların arxasındakı qadınları seyr edir, kimi suvenir mağazalarından hədiyyələr alır, eyni zamanda, ikinci mərtəbədə bir uşaq ağlayır. Anası onu sakitləşdirmək üçün su uzadır. Başqa bir evin pəncərəsinə televizorun mavi işığı düşür… ”Qırmızı Fənərlər küçəsi”ndə həyat davam edir…

Niyə azadlığın şəhəri?

Tarixdən balıqçı şəhəri kimi qurulduğu deyilir. Əsrlər boyu bir xeyli olaylara səhnə olub. Amsterdama dünya müharibələrinin təsiri böyük olub. Deyilənlərə görə sonralar müxtəlif ölkələrdən gələn insanların hesabına yenidən toparlanıb. Bu gün dünyanın ən yaşanılacaq şəhərlərindən biridir.

Adına azadlığın şəhəri də deyilir. Bunun da səbəbi var:

  1. ”Qırmızı Fənərlər Küçəsi” ətrafındakı əyləncəli gecə həyatı;
  2. ”Coffeeshops” adı verilən yerlərdə yüngül narkotik maddələrin istifadəsinin sərbəst olması

Şəhər mərkəzindəki Dam Meydanı, Qırmızı Fənərlər Küçəsi (Red Light District), gül bazarı (hər cür gül toxumu və məşhur holland laləsinin soğanları satılır), Van Qoq Muzeyi, Kanal gəzintisi… Hamısı şəhanə idi.

Bir sözlə, həyəcan, çılğın gülüş səsləri, eyni zamanda sakitlik və hüzur. Belə yadımda qaldı Amsterdam.

Necə gedək?

символ Амстердама 300x198 - Azadlığın şəhəri Amsterdam…Amsterdama müxtəlif yollarla getmək olur. Bakıdan birbaşa da getmək olar. Tiflisə gedib, ordan İstanbula, İstanbuldan da Amsterdama uça bilərsən. Mən belə etmişdim. Burdan 12,5 manat verib Tiflisə, Tiflisdən Pegasusla 50 avroya İstanbula, İstanbuldan (Türk Hava Yolları ilə. Bileti 42 avroya almışdım) Amsterdama. Uzun görünə bilər. Səyahətçiyə zövqdür. Əsas məsələ ucuz başa gəlməyidir.

Təxminən 104 avro 🙂 Əslində daha ucuzunu da tapmaq olar.

 Harada qalaq?

Əgər bir həftəlik gedirsənsə, azı 600 avronu gözdən çıxar. Amsterdam heç də ucuz şəhər deyil. Orta statistik azərbaycanlıya baha gələ bilər. Ən çox pul mehmanxanaya çıxır. Əgər daha ucuz alternativlər seçsən, 1 həftəyə 500 avro da xərcləyə bilərsən. Məsələn, hostellərdə və ya şəhər mərkəzindən kənardakı otellərdə qalmaqla. Onsuz da nəqliyyat sistemi o qədər gözəl qurulub ki, kənardan mərkəzə gəlməkdə çətinlik çəkməyəcəksən.

Holland pendiri və Heineken

cheese 2 300x168 - Azadlığın şəhəri Amsterdam…

O ki qaldı, nə yeyib-içməyə. Hollandiyanın məşhur pivəsi Heinekenin dadına baxa bilərsən. Heineken demişkən, pivə sevənsənsə, Pivə Muzeyinə getməyi də unutma. Səhv xatırlamıramsa giriş 12 avrodur. Biletə həm də bir dənə pivə düşür. Məşhur holland pendirindən mütləq ye. Şərt deyil pul verib alasan. Pendir mağazalarında pulsuz dadına baxa bilərsən 🙂

Bu zaman əmin olacaqsan ki, Bakıda holland pendiri adı ilə satılan nəsə başqa daddır. Ancaq 100 faiz holland pendiri deyil 🙂 Məşhur milli yeməklərinə rast gəlmədim. Amma şəhərdə dadlı ət bişirən Steakhouse-lar və qəşəng italyan, türk restoranları var. Ən yaxşısı və ucuzu isə marketdən alış-veriş etməkdir.

Necə deyərlər, səyahətini ucuz və ya bahalı etmək öz əlindədir. Seçim sənin…

BƏYƏN
Öncəki məqaləDünyanın ən yaxşı aviaşirkətləri hansılardır?
Növbəti məqaləBakı avtovağzalından Avropaya yollan

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın